Tərtər rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qaziləri üçün iftar süfrəsi təşkil olunub. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidlərin ailə üzvləri, qazilər və onların fidan balaları iştirak ediblər.

Elitinfo.az-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müqəddəs Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. İcra başçısı 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, torpaq uğrunda canından keçən şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

Şəhidlərimizin əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirən M.Məmmədov torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən oğulların əziz xatirəsi qəlbimizdə daim yaşayacağını vurğulayıb.

Rayon icra hakimiyyətinin başçısı Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, respublikamızın ərazi bütövlüyü uğrunda öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Tədbirdə ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışılıb. Qeyd olunub ki, müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı dinimizdə uca və müqəddəs sayılan, insanları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, din xadimləri Saleh Ədilov, Nəriman Əliyev tərəfindən şəhidlərin ruhuna dualar oxunub. On bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb.

Tədbirdə YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Qarabağ müharibəsi veteranları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon filialının sədri Suliddin Yusifov, şəhid Həsən Məmmədovun anası Xanım Məmmədova, şəhid Mürşüd Əhmədzadənin nənəsi Çiçək Əhmədova, şəhid Ceyhun Hacızadənin anası Qətibə Hacıyeva və başqaları çıxış edərək Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıb, Vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamında olduğunu qeyd edib, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıblar.