Qarabağ həqiqətlərindən bəhs edən əsərlərin təqdimatı keçirilib



 

Laçın rayonundan məcburi köçkün, yazıçı Rəfiqə Nəcəfovanın “Şəhid yurdum” və “Qisas qiyamətə qalmaz” romanlarının təqdimat mərasimi keçirilib.

Elitİnfo.az xəbər verir ki, əsərlərin təqdimat mərasimində Laçın rayon icra hakimiyyəti, rayon Təhsil Şöbəsinin nümayəndələri, Laçından olan ziyalılar və tanınmış şəxslər, müharibə veteranları iştirak ediblər.

Müəllif Rəfiqə Nəcəfova bildirib ki, iki hissəli əsər vətənpərvərlik mövzusunda yazılmış tarixi romandır. Əsərdə təsvir olunan 266 obrazın böyük əksəriyyəti real, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlardır. Hər iki kitab Azərbaycan tarixini özündə təcəssüm etdirir, burada 1992-2000-ci illərdə olan hadisələr öz əksini tapıb.

“Şəhid yurdum” kitabında ərazilərimizin işğalına qədər olan xüsusilə, Laçın, Şuşa, Kəlbəcər və Qubadlıda cərəyan edən hadisələrdən, “Qisas qiyamətə qalmaz” adlı tarixi əsərdə isə işğaldan sonrakı dövrdən bəhs edilir. Vətən müharibəsində qazandığımız tarixi qələbədən bəhs edən və əsərin üçüncü hissəsi olan “Qalib xalqım” kitabı üzərində iş gedir.

Daha sonra Laçın rayon icra hakimiyyətinin nümayəndəsi Natiq Mustafayev, rayon Təhsil Şöbəsinin rəhbəri Nicat Həsənov, şair İlham Qəhrəman, birinci Qarabağ müharibəsi iştirakçısı, batalyon komandiri Çingiz Abbasov və başqaları çıxış edərək tarixi mövzuda yazılan bu cür əsərlərin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Kitabın üçüncü hissəsinin təqdimatının azad-abad Laçın rayonunda keçirilməsi arzu olunub.

Sonda əsərin müəllifi Laçın Rayon Təhsil şöbəsinin fəxri fərmanı ilə təltif edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin