Energetika Nazirliyində kollegiyanın sədri, energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə videokonfrans formatında növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən Elitinfo.az-a bildirilib ki, iclasın gündəliyi təsdiq edildikdən sonra qurumun tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsinin paylayıcı elektrik şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, təchizatın davamlılığının təmin edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş tədbirlər və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilib.

Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iclas iştirakçılarının sualları cavablandırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bir daha diqqətə çatdıran kollegiya sədri bu istiqamətdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi üçün tapşırıqlar verib. Agentliyin fəaliyyət istiqamətləri haqqında cəmiyyətin məlumatlandırılması tədbirlərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

İclasda, həmçinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2022-ci il üçün İş Planı” layihəsi nəzərdən keçirilib, rəy və təkliflər səsləndirilib. Təkliflərin layihədə nəzərə alınması şərti ilə İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.

İclasda kollegiya üzvləri ilə yanaşı, nazirliyin, həmçinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin digər əməkdaşları da iştirak ediblər.