Özbəkistan Kinemaroqrafiya Agentliyində Anarın “Qarderobçu qadın” hekayəsi əsasında çəkilən “Palto” qısametrajlı filminin təqdimatı olub.

Elitİnfo.az xəbər verir ki, “Debüt” Gənclər Kinofestivalı çərçivəsində baş tutan təqdimatda özbək kinosunun tanınmış ulduzları, gənc aktyorlar və rejissorlar iştirak edib.

Filmin ssenari müəllifi və rejissoru Şahnoza Tuyunova, operatoru Kamaliddin Ziyoviddinovdur.

Təqdimatda çıxış edən jurnalist və ssenariçi Rüstəm Cabbarov gənc rejissor Şahnoza Tuyunovanın filmini yüksək qiymətləndirib, belə filmlərin daha çox çəkilməsinin vacibliyinə toxunub. O hələ sabiq SSRİ dövründə Özbəkistanda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu bildirib. R.Cabbarov deyib ki, indi də Özbəkistanda Azərbaycan müəlliflərinin əsərləri çap edilir, bu əsərlər əsasında ssenarilər yazılır.

Şahnoza Tuyunova filmin yaradıcı heyətinə və təqdimata gələnlərə öz minnətdarlığını bildirib.