Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında çıxış edib.

Komitənin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, sessiya iştirakçılarına Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində Azərbaycanda məcburi köçürülməyə məruz qalmış 1 milyondan çox insan haqqında məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və keçmiş məcburi köçkünlərlə iş sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir, onların sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara həssas və qayğıkeş münasibət göstərir.

Diqqətə çatdırılıb ki, 2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə təxminən 30 il davam edən bu münaqişəyə son qoyub. Bu Qələbə nəinki ərazi bütövlüyümüz və suverenliyimizi bərpa edib, eyni zamanda, yüz minlərlə həmvətənimizin doğma yurduna qayıdışı üçün zəmin yaratmış olub. Azərbaycanda artıq Qarabağ adlı siyasi və coğrafi ad mövcud deyil. Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Hazırda Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. Ölkəmizin iqtisadi inkişafına dair əsas məsələlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, infrastruktur layihələri icra edildiyi bildirilib, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında məlumat verilib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

Bildirilib ki, Azərbaycan dövləti post münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək. İşğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək. Yenidənqurma zamanı beynəlxalq təşkilatların dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan tərəfi miqrasiya və qaçqın problemləri ilə bağlı götürdüyü bütün beynəlxalq öhdəlikləri ədalətli və konstruktiv əməkdaşlıq ruhunda yerinə yetirmək üçün ciddi səylər göstərir, BMTQAK-la və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırdır. Azərbaycan tərəfi qaçqın və məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq BMTQAK-ın dəstəyi ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirməyi planlaşdırır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri də iştirak ediblər.