Yeni Azərbaycan Partiyasının Nizami, Xətai, Nəsimi və Binəqədi rayon təşkilatlarının yeni sədrləri Ramil Vəlibəyov, Vüqar Rəhimzadə, Azər Süleymanov və Vüsar İsmayılov ərazi partiya təşkilatlarının sədrlərinin də iştirakı ilə keçirilən yığıncaqlarda yerli təşkilatların partiya aktivinə təqdim olunub.

YAP-ın mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, əvvəlcə partiyanın rayon təşkilatlarının inzibati binasında ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ümummilli Liderimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirlərdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyasının üzvləri də fəal iştirak edirlər. Onun sözlərinə görə, ötən illər ərzində dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar mühüm nəticələr verməkdədir.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının bu il martın 5-də keçirilən VII Qurultayında mühüm qərarlar qəbul olunub. Belə qərarlardan biri də partiyanın yeni nizamnaməsinin qəbul olunmasıdır. Yeni nizamnamədə partiyanın yerli təşkilatları haqqında da vacib məsələlər öz əksini tapır. Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrlərinin təyin olunması haqqında qərar qəbul olunub.

Tədbirlər zamanı Ramil Vəlibəyov, Vüqar Rəhimzadə, Azər Süleymanov və Vüsar İsmayılov çıxış edərək onlara göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğrultmağa çalışacaqlarına əminlik ifadə ediblər.

Eyni zamanda, tədbirlərdə Nizami Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Qərib Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon təşkilatlarının yeni sədrlərini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının üzvləri rayonların ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Qeyd edək ki, tədbirlərdə yerli təşkilatların gələcək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyələr verilib.