Qobustan rayonundan olan Vətən müharibəsi şəhidi Fədail Nadirovun doğum günündə böyüyüb boya-başa çatdığı Bədəlli kəndində inşa edilən xatirə bulağının açılışı olub. Açılış mərasimində rayon rəsmiləri, kənd sakinləri, şəhidin döyüş yoldaşları və yaxınları iştirak ediblər.

Elitinfo.az xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə güllər düzüblər. Fədail və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda şəhidin qısa və şərəfli həyat yolundan xatirələr söylənib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbədən, bu qələbədə Fədail və onun kimi şəhidlərimizin göstərdikləri fədakarlıqdan danışılıb.

Qeyd edilib ki, Fədail Fərhad oğlu Nadirov 1999-cu ilin iyulunda Qobustan rayonunun Bədəlli kəndində dünyaya göz açıb. Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu olan Fədail ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq qəhrəmancasına vuruşub. Təəssüf ki, oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonra mərasim iştirakçıları Bədəlli kəndində şəhidin xatirə bulağının açılışını ediblər. Açılış mərasimində çıxış edən şəhidin atası Fərhad Nadirov oğlunun xatirəsini əbədiləşdirən bulağın istifadəyə verilməsindən məmnun olduğunu bildirib, şəhidlərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.