Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Hacıqabul rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Qızılburun və Qarasu kəndlərində ASC-nin daxili imkanları hesabına mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

“Azərsu”dan  Elitinfo.az-a  bildirilib ki, Hacıqabul rayonunun Qızılburun kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Vaxtilə kəndin bir hissəsinə Kür-Bakı magistral kəmərindən su verilib. Lakin mərkəzləşdirlilmiş su şəbəkəsi olmadığından sakinlər fərdi çəkilmiş xətlərdən istifadə ediblər. Tikinti qaydalarına və texniki normalara cavab verməyən, bəzi hallarda bir neçə həyətyanı sahədən keçən xətlərlə sudan normal qaydada istifadə etmək mümkün olmurdu. Bəzi hallarda sakinlər içməli suyu maşınlarla almaq məcburiyyətində qalırdılar. Kür-Bakı magistral kəmərindən qidalanan Qarasu kəndində də mərkəzləşdirilmiş paylayıcı şəbəkənin olmaması, fərdi xətlərin isə yararsız vəziyyətə düşməsi kəndin su təminatında ciddi çətinliklər yaradırdı.

Bütün bunlar nəzərə alınaraq ASC tərəfindən Qızılburun və Qarasu kəndlərində içməli su layihələri həyata keçirilib. Qızılburun kəndinin mövcud su təchizatı sisteminin yenidən qurulması məqsədilə Kür-Bakı su kəmərindən 3 kilometr magistral su xətti çəkilib, 13 kilometr kənddaxili paylayıcı şəbəkə qurulub və 250-dək ünvana birləşmə verilib. Növbəti mərhələdə hər abunəçi sayğacla təmin olunacaq.

Qarasu kəndində icra olunan layihəyə əsasən kənddə 3 kilometr magistral su kəməri, 27 kilometr paylayıcı su şəbəkələrinin tikintisi planlaşdırılıb. Yeni yaradılan şəbəkədən 470 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Bu layihələr hesabına Qarasu və Qızılburun kəndlərinin 4 mindən çox sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.