Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən, Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə sorğular edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Kələntərov Emil Ağa-Xəlil oğlunun qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdarda psixotrop maddələrin qaçaqmalçılığını etməsinə, həmçinin Hüseynov Mirzəbala Rövşən oğlunun külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyənləşdirilib.
Hər iki şəxs barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin olunub. Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil veriliblər.