Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “IWS” Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində Qələbəmiz münasibətilə qrafika və akvarel ustaları arasında elan edilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinə əsər qəbulu davam edir.

Dövlət Rəsm Qalereyasından Elitinfo.az-a bildirilib ki, müsabiqəyə qatılmaq istəyənlər martın 25-dək müraciət edə bilərlər.
Müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər.
Sərgidə iştirak ödənişsizdir. Əsərləri Bakı Xətai Sənət Mərkəzinin “facebook” hesabında (https://www.facebook.com/groups/144172178999749/?ref=share) müəllifin adı, soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd edilməklə onlayn qaydada yerləşdirmək xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştirak etmək üçün dəvət ediləcək.
Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.
Qaliblər üçün mükafatla bərabər, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazının dərc olunması da nəzərdə tutulur.