Hazırda dünyada SARS-CoV-2 virusunun üç variantı daha çox müzakirə olunur. Bunlardan biri də ötən il dekabrın 14-də Böyük Britaniya tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına məlumatı verilmiş Britaniya ştammıdır. Mutasiyalar viruslara xas olan bir prosesdir. Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istehsal olunur və onu vurmaq lazım olur. Bu da qrip virusunun çox sürətli şəkildə cürbəcür mutasiyalarının baş verməsidir. Bir virusda mutasiyanın baş verməsi çox təbii bir prosesdir. Burada bizi daha çox baş vermiş mutasiyanın xəstəliyin və yoluxmanın gedişatına təsiri maraqlandırır.

Elitinfo.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“Bu günə qədər rəsmi olaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bildirilən məlumat odur ki, bu növ bundan öncəki ştamlardan daha sürətli yoluxmaya malikdir. Bütün dünyada həmin ştammın yayılması çox sürətlə baş verir. Ona görə də həmin ştammın aşkarlandığı ölkələrdə bəzi qabaqlayıcı tədbirlər görülür.

Bundan əlavə, Braziliya və Cənubi Afrikada da yeni ştamlar aşkarlanıb ki, onların da xəstəliyin gedişatına olan təsiri araşdırılır.

Ümumdünya Səhiyyə Təşkilatı yeni ştammla əlaqədar olaraq, sadəcə, profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edir. Mövcud vaksinlər də yeni ştamlara təsir göstərir. Bu da bizi vaksinasiya prosesini daha sürətlə aparmağa sövq edir”.