Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar davamlı olaraq həyata keçirilir. Dövlətin son illər elektroenergetika sahəsində paylayıcı şəbəkəyə yönəltdiyi diqqət nəticəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) müasir standartlara uyğun yenidən qurulması və inkişafı mənzil qərargahı Paris şəhərində yerləşən, Dövlət Sektorunun İnnovasiyalar üzrə qlobal forumu olan “OPSI” şirkətinin diqqətindən yayınmayıb.

ASC-dən Elitinfo.az-a bildirilib ki, “OPSI” şirkətinin rəsmi internet səhifəsində “Azərişıq”la bağlı dərc edilən məqalədə elektron xidmətlər nəticəsində sahibkarın bir pəncərə sistemi vasitəsilə elektrik bağlantısı üçün onlayn müraciətlərindən bəhs olunur. Sahibkarın elektrik enerjisi ilə təmin edilməsi 10 iş günü ərzində yerinə yetirilir.
Son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər öz miqyası və əhəmiyyəti ilə seçilir. İstehlakçıların etibarlı, təhlükəsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün “Azərişıq” tərəfindən elektrik şəbəkələrinin əsaslı surətdə yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir.
Bunlardan biri də, ASC-də sahibkarların mövcud və ya tikilməkdə olan binalarına 150 kilovata qədər elektrik enerjisi verilməsi üçün yenilikçi və inkişaf etmiş elektron xidmətin yaradılmasıdır.
Məqalədə, həmçinin vurğulanır ki, islahatların əsas məqsədi 100 faiz elektron xidmət göstərmək, vətəndaşların xərclərini və vaxtlarını azaltmaq, şəbəkəyə qoşulmaq üçün müraciət müddətini azaltmaq, şəffaflığı artırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək, daha yüksək standartlara cavab vermək, peşəkarlıq səviyyəsini yüksəltmək və vətəndaşlara qarşı etik qaydalara daha yaxşı əməl etməkdir.
“OPSI” şirkətinin məqaləsində qeyd edildiyi kimi, yeni islahatlara görə, sahibkar “Azərişıq” saytını ziyarət edərək “bir pəncərə” sistemi vasitəsilə elektrik enerjisi əldə etmək üçün onlayn müraciət edir və bu prosesi sona qədər izləyə bilir.
Yeniliyin özünəməxsusluğu ondadır ki, dövlət işçisi ilə sahibkar arasında heç bir əlaqə yoxdur – təşəbbüskar yalnız elektron sistemlə əlaqə qurur.