Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

DİM-dən Elitinfo.az-a bildirilib ki, A növünə (inzibati rəhbər) aid imtahan kompüter, B növünə (inzibati icraçı) aid imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
A növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu günə olan məlumata görə, 71 nəfər (AA – 2, AB – 29, AC – 40) qeydiyyatdan keçib.
B növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 9-u saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 2000 yer ayrılıb. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.
Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.