Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “PAŞA Holding” və “Bravo” marketlər şəbəkəsi sosial məsuliyyət prinsipi əsasında növbəti sosial layihəni reallaşdırır.
Layihə çərçivəsində şəhid və yaralanmış hərbçilərin ailələrinə, eləcə də ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələrə ərzaq və digər məhsullardan ibarət yardım paketləri təqdim edilir.
Sosial məsuliyyət prinsipinə sadiqliyini nümayiş etdirən şirkətlər tərəfindən ümumilikdə 10 min yardım paketinin təqdim olunması nəzərdə tutulur ki, bu da 500 min AZN-dən çox yardım təşkil edir. Yardım paketinə bitki yağı, un, düyü, qənd və şəkər tozu, makaron, mal ətindən konservlər, kolbasa və sosislər, çay, kartof, soğan və bu kimi təməl qida məhsulları, eləcə də sabun, yuyucu tozu və digər təmizlik vasitələri daxildir.
Qeyd edək ki, “PAŞA Holding” və onun törəmə şirkətləri həm müharibə, həm də pandemiya zamanı fəal sosial məsuliyyətyönümlü fəaliyyətləri ilə fərqlənir. Belə ki, şirkətlər tərəfindən həm koronavirusla mübarizə, həm də müharibə zamanı zərərçəkən ailələrə dəstək istiqamətində fəaliyyətlər görülüb. İlin əvvəlindən “Bravo” marketlər şəbəkəsi tərəfindən ölkəmizdə yaşayan həssas qruplara 65 mindən çox yardım paketi təqdim olunub.