Gürcüstan parlamenti ölkənin xarici siyasəti ilə bağlı yeni qətnamə qəbul edəcək.
Elitinfo.az xəbər verir ki, 14 bənddən ibarət olan qətnamə artıq parlamentə təqdim olunub.
Sözügedən qətnamə 2013-2016-cı illərdə ölkə parlamentinin Gürcüstanın xarici siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin əsas prinsiplərini özündə əks etdirir.
Sənədin maraq kəsb edən məqamlarından biri də qonşu ölkələrlə olan maddədir.
Həmin bənddə qonşularla sıx əlaqələr qurmaqla, balanslaşdırılmış regional siyasət həyata keçirmək, həmçinin Qara dəniz regionunda sülh və stabilliyin təmin edilməsi üçün fəaliyyət göstərmək nəzərdə tutulub.
Sənəddə Gürcüstan üçün Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi prioritet məsələ kimi xüsusi qeyd olunub. Qətnamədə, həmçinin bildirilir ki, Gürcüstan GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına xüsusi diqqət ayıracaq.