Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda onlayn Respublika elmi konfransı keçirilib.
Elitinfo.az xəbər verir ki, konfransda bir sıra görkəmli alimlərlə yanaşı, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovanın da məruzəsi dinlənilib. O, “Əziz Mirəhmədov və Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda məruzəsində Əziz Mirəhmədovun yaradıcılığı barədə məlumat verib. Eyni zamanda, Ədibə İsmayılova Milli Kitabxana tərəfindən hazırlanan “Ədəbiyyatşünas alim Əziz Mirəhmədov” (http://anl.az/el/vsb/Edebiyyatsunas_alim_Eziz_Mirehmedov/index.htm) adlı virtual sərgini konfrans iştirakçılarına təqdim edib. O bildirib ki, virtual sərgidə ədəbiyyatşünas alimin həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi, redaktoru, tərtibçisi, “Ön söz” müəllifi olduğu kitablar, haqqında yazılan məqalələr təqdim olunur.
Sonra konfrans öz işini bölmə iclasında davam etdirib.