Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Uşaq hüquqlarının müdafiəsinə dair” təlimat hazırlayıb.
Vəkillər Kollegiyasından Elitinfo.az-a bildirilib ki, “Uşaq hüquqları haqqında” qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
Qanunun müddəasından da göründüyü kimi, uşaq hüquqlarının müdafiəsində bütün dövlət və qeyri-dövlət qurumlarının, həmçinin vəkillərin də üzərinə böyük vəzifə qoyulub.
Vəkillər tərəfindən bu vəzifələrin daha yaxşı icra olunması üçün UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Vəkillər Kollegiyası arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən “Uşaq hüquqlarının müdafiəsinə dair” təlimat hazırlanıb. Təlimat uşaq hüquqları üzrə ekspert, vəkil Rafiq Alışov və UNICEF-in ekspertləri tərəfindən uşaqların hüquqlarının vəkillər tərəfindən müdafiəsi üçün tərtib olunub. Təlimatda uşaq hüquqları, onların vəkillər tərəfindən müdafiəsi ilə əlaqədar bir sıra məsələlər əksini tapıb.
Təlimat Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 2020-ci il 9 dekabr tarixli iclasının qərarı ilə metodik vəsait kimi vəkillərin istifadəsinə tövsiyə olunur.
“Uşaq hüquqlarına haqqında” Konvensiya 1989-cu il noyabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Azərbaycan Respublikası Konvensiyaya 1992-ci il iyulun 21-də qoşulub.