“Bulla-dəniz” yatağında 122 nömrəli stasionar dəniz özülündən (SDÖ) qazılmış quyu yüksək hasilatla işə düşüb.

Elitinfo.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.
Quyunun gündəlik təbii qaz hasilatı 700 min kubmetr təşkil edir. Qaz hasilatına uyğun kondensat hasilatı da kifayət qədər yüksəkdir.

Qeyd edək ki, 2019-cu ilin fevral ayında “Bulla-dəniz” yatağında 122 nömrəli özüldən layihə dərinliyi 5900 metr olan quyuda qazma işlərinə başlanılmışdı. Quyu mürəkkəb-geoloji texniki şəraitdə qazılıb, bu günlərdə yüksək qaz-kondensat hasilatı ilə istismara verilib. Bu quyu cari il ərzində “Bulla-dəniz” yatağında istismara təhvil verilmiş 2-ci yüksək hasilatlı quyudur.

“Bulla-dəniz” yatağının tam miqyaslı öyrənilməsi, kəşfiyyatı və işlənməsinin yeni mərhələsi 2012-ci ildə kəşfiyyat quyusunun qazılması ilə başlanıb. Kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadının tağyani hissəsində məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsinə, sahənin tektonikasını və litoloji stratiqrafik kəsilişini dəqiqləşdirilməyə imkan verib. Həmin quyunun yüksək hasilatla (200 ton/gün kondensat, 1300 min kubmetr/gün qaz) işə düşməsi yataqda yeni özüllərin tikintisi və quyuların qazılması üçün zəmin yaradıb. Daha sonra əlavə quyular qazılaraq istismara təhvil verilib. Bu quyuların ilkin qaz hasilatı 500-600 min kubmetr/gün, kondensat hasilatı isə 120-150 ton təşkil edib.