Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin deputatlarını, Aparatın və İşlər idarəsinin əməkdaşlarını “YAŞAT” Fonduna dəstək olmağa çağırıb.
Elitinfo.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 8-də imzaladığı Fərmanla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılmasının önəmindən bəhs edib.
“Bu Fondun yaradılması cəmiyyətimizdə birlik və bərabərliyin, yardımlaşma ruhunun daha da gücləndirilməsinə mühüm töhfə verəcək”, – deyən Milli Məclisin sədri parlamentin bu kimi humanitar aksiyalarda hər zaman fəal iştirak etdiyini xatırladıb. Sədr Milli Məclisin deputatlarını, Aparatın və İşlər idarəsinin əməkdaşlarını bu nəcib təşəbbüsə qoşulmağa, yaradılmış yeni Fonda könüllü ianələr etməyə çağırıb.