Otuz ilə yaxın idi Ermənistanın işğalı atlında qalan Azərbaycanın tarixi Qarabağ bölgəsi düşmən əsarətindən xilas edildi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev, şanlı Azərbaycan Ordusu və bütün xalq yumruq kimi birləşərək milli ruh, Vətən sevgisi və milli iradə ilə düşmənə ağır məğlubiyyət yaşatdı. Bu gün keçirilən Zəfər paradı Azərbaycanın, o cümlədən bütün türk dünyasının tarixinə qəhrəmanlıq, mərdlik günü kimi yazılacaq.
Bu fikirləri Elitinfo.az-a müsahibəsində Türkiyənin Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek bildirib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı 44 günlük Vətən müharibəsində işğalçı qüvvələrə aid çoxlu sayda hərbi texnika və canlı qüvvənin məhv edildiyini xatırladan professor deyib ki, şanlı Azərbaycan Ordusu ermənilərə layiqli cavab verdi. Bununla da qəhrəman Azərbaycan oğulları türk millətinin igidliyini, yenilməzliyini, haqsızlıq qarşısında əngəl tanımayacağını bir daha dünyaya nümayiş etdirdi. Azərbaycanın qazandığı bu Zəfər bütün türk dünyasının Qələbəsidir. Bu Qələbə sevincini hər türk ürəkdən yaşamalı və qeyd etməlidir.
“Zəfər paradı münasibətilə can Azərbaycanı və bütün türk dünyasını təbrik edir, bu qəhrəmanlıq dastanının yazılması uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm”, – deyə İbrahim Öztek bildirib.