Torpaqlarımızın işğaldan azad olunmasında Daxili İşlər Nazirliyinin, xüsusilə də Daxili Qoşunların şəxsi heyəti də yaxından iştirak edib. Ölkədə komendant saatı rejiminə nəzarət olunmasına da Daxili Qoşunların əməkdaşları fəal iştirak edirlər. Ali Baş Komandanın müvafiq Sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərimizdə komendatura rejimini məhz Daxili Qoşunların şəxsi heyəti həyata keçirir. Ölkədə koronovirusla əlaqədar müəyyən olunmuş qaydalara riayət edilməsi və ictimai asayişin bu istiqamətdə təmin olunması ilə bağlı fəaliyyətləri Daxili İşlər Nazirliyinin orqanları həyata keçirirlər. Ona görə onların üzərinə düşən yükü də nəzərə alaraq, bu məsuliyyətli və şərəfli vəzifənin yerinə yetirilməsi prosesində vətəndaşların maksimum şəkildə qaydalara riayət etməsini xahiş edirik.
Elitinfo.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqində söyləyib.
Prezidentin köməkçisi bildirib ki, bəzi hallarda koronavirusa yoluxmuş şəxslərin hətta bu virusa yoluxduqlarını bildikləri halda küçələrdə sərbəst şəkildə gəzməsi hallarına rast gəlinir. Belə vətəndaşlar özləri ilə yanaşı, digər insanların da həyatı üçün ciddi təhlükə törədirlər. Ola bilər ki, bu xəstəliyi hər hansı insan yüngül keçirir. Amma onun yoluxdurduğu insan faciə ilə üzləşə bilər.
Hikmət Hacıyev qeyd edib ki, ev şəraitində müalicə olunması barədə xəbərdarlıqlara baxmayaraq, yaşadıqları ünvanları tərk etmiş koronavirus xəstələri barədə 2020-ci ildə 266 cinayət işi açılıb. Onlardan 7-sinə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün isə istintaqı tamamlanaraq məhkəməyə göndərilib. Hazırda 235 cinayət işinin istintaqı davam etdirilir. Hətta Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu xüsusda edilmiş müvafiq dəyişikliklərə uyğun olaraq bu kimi fəaliyyəti həyata keçirən şəxsləri də üç ilə qədər müvafiq həbs tədbirləri gözləyə bilər. Buna görə də vətəndaşlar belə hallara yol verməməli, digər insanları yoluxdurmamaq üçün fərdi məsuliyyət prinsipindən çıxış edərək özünütəcrid qaydalarına riayət etməlidirlər.