Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş III Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib. Azərbaycanın Ukraynadakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, “SOCAR Energy Ukrayna” şirkəti, Truskavets şəhər Meriyası və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə reallaşan müsabiqənin qalibləri müəyyənləşib.
Elitinfo.az xəbər verir ki, Truskavets şəhərində dekabrın 2-dən start götürən müsabiqədə dünyanın müxtəlif ölkələrindən 14 gənc vokal ifaçısı iştirak edib. Beynəlxalq musiqi yarışında ecazkar səsi ilə münsiflər heyətini heyran edən ukraynalı gənclər Viktoriya Melnik və Anastasiya Povajna qalib elan olunub. İkinci yerə İqor Povaşnıy və Nikol Çirka, üçüncü yerə isə Yevqeniy Raxmanin, Pavel Qrişenko, Maksim Qara layiq bilinib.
Müsabiqəyə qatılanları təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova müsabiqədə iştirak edən vokalçıların solo çıxışlarını dinləyib. Səfir bildirib ki, belə bir müsabiqənin Azərbaycanın və onun mədəni irsinin populyarlaşdırılmasını təşviq edir. Ecazkar səsi ilə dünyanın musiqi xəzinəsinə böyük töhfələr bəxş etmiş Müslüm Maqomayev yaradıcılığının çoxşaxəli çalarlarından bəhs edən səfir əfsanəvi Azərbaycan oğlunun xatirəsinə həsr olunmuş beynəlxalq vokal müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsinə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.
Elmira Axundova, eyni zamanda, beynəlxalq müsabiqə çərçivəsində səfirliyin maliyyə dəstəyi ilə keçirilən azərbaycanlı rəssam Əsgər Cavadovun əsərlərindən ibarət sərgi ilə də tanış olub.
Truskavets şəhərinin meri Andrey Kulçinski çıxışında bildirib ki, Müslüm Maqomayev dünyanın mədəniyyət elçisidir. O tək Azərbaycanda deyil, bütün dünyanın sevilən sənətkardır. “Keçən ildən etibarən ənənəvi olaraq şəhərimiz ildə bir dəfə Müslüm Maqomayevin xatirəsini gənc istedadların üzə çıxması ilə yad edəcək”, – deyə mer əlavə edib.
Tədbirdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudryaşova və digərləri çıxış edərək Truskavets şəhərində keçirilən beynəlxalq vokal müsabiqəsinin gənc istedadların üzə çıxmasında müstəsna rol oynadığını bildiriblər.
Sonra Müslüm Maqomayevin unudulmaz xatirəsinə işıq saçan beynəlxalq müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri qazanan gənc istedadlara diplom və pul mükafatları təqdim edilib. Müsabiqə qaliblərinin ifasında geniş konsert proqramı nümayiş etdirilib.