Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq itkiləri barədə aralıq hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.

Ombudsman Aparatından Elitinfo.az-a bildiriblər ki, sözügedən hesabatın göndərilməsində əsas məqsəd Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş verən insan tələfatları, xüsusən uşaq ölümləri ilə bağlı faktları beynəlxalq insan hüquqları təşkilatları da daxil olmaqla beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Bu hesabat Ombudsman tərəfindən müxtəlif vaxtlarda Ermənistanın silahlı hücumlarından zərər çəkmiş Azərbaycanın rayonlarında kobud insan hüquqları pozuntusu faktlarını yerində araşdırmaq məqsədi həyata keçirilmiş 6 faktaraşdırma missiyasının nəticələrinə əsasən hazırlanıb. Habelə hesabatda həmin hərbi təxribatlar nəticəsində ümumilikdə 12 uşağın öldüyü, 50-sinin isə ağır bədən xəsarətləri alaraq yaralandığı vurğulanıb.

Eyni zamanda, hesabatda kobud insan hüquqları pozuntularının gələcəkdə bir daha baş verməməsi, habelə bu cür halların beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və sərt reaksiyanın bildirilməsi məqsədilə beynəlxalq ictimaiyyətə çağırış edilib.