Noyabrın 9-da Mədəniyyət Nazirliyinin kollektivi və ölkəmizin bir sıra mədəniyyət xadimləri Bayraq Günü və 28 ildən sonra Şuşanın azad olunması münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.

Elitinfo.az xəbər verir ki, ziyarət zamanı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin, həmçinin Üzeyir Hacıbəylinin, Sultan Hacıbəyovun, Süleyman Ələsgərovun, Rəşid Behbudovun, Lətif Kərimovun və digər görkəmli mədəniyyət nümayəndələrinin abidələri önünə gül dəstələri düzülüb.

Xalqımızı əlamətdar tarix münasibətilə təbrik edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov bildirib ki, dünən ordumuz qanı bahasına, gərgin mübarizə nəticəsində 28 ildən sonra Şuşanı bizə qaytarıb: “Biz şəhidlərimiz qarşısında baş əyirik. Biz Şuşanı, onun ruhunu, mədəniyyətini bərpa edəcəyik. Gələn il xanəndələrimizlə birlikdə orada konsert proqramı təqdim edəcəyik, xalçaçılıq sənətini inkişaf etdirəcəyik, Cıdır düzündə Qarabağ atı üstündə Çovqan oyunu keçirəcəyik”.