Bildiyimiz kimi, ölkəmizə ilk dəfə olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən qripə qarşı peyvəndlər gətirilib. Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə olan risk qruplarının sayı müəyyən edilib. Risk qruplarına ən əsas tibb işçiləri aiddir, çünki onlar daim xəstələrlə ünsiyyətdə olurlar. Bundan əlavə, risk qrupları hesab edilən xroniki-ağciyər xəstəlikləri və digər xroniki xəstəlikləri olanlar da qripə qarşı mütləq peyvənd olunmalıdırlar.
Elitinfo.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqəli olaraq hazırda bütün ölkələrdə qrip peyvəndinə çox böyük ehtiyac var: “Bunu nəzərə alaraq biz əvvəlcədən bu peyvəndlərin dövlət tərəfindən sifariş olunmasını təmin etmişdik. Çünki bütün dünyada bu gün qrip peyvəndinə çox böyük tələbat var. Vətəndaşların həm qrip virusuna, həm də koronavirusa tutulması onların səhhətində ciddi problem yaratmaqla yanaşı, tibb müəssisələrinin iş yükünü daha da artıra bilər. Ona görə də həmin peyvəndin olması çox vacibdir. Bu gün TƏBİB-in əməkdaşları həm tibb işçiləri olaraq, həm də cəbhə bölgəsində və pandemiya müəssisələrində aktiv fəaliyyət göstərdiklərinə görə qripə qarşı peyvənd olundular. Ümid edirik ki, həmin peyvənd qarşıdan gələn qrip mövsümündə səhhətimizə müsbət təsir edəcək”.
Y.Qarayeva son dövrlərdə koronavirusa yoluxma hallarında qeydə alınan ciddi artımdan da bəhs edərək deyib: “Son vaxtlar təəssüf ki, hər gün rekord yoluxma rəqəmləri görürük. Həm yoluxanların, həm də COVID-19-dan ölənlərin sayında çox ciddi artım var. Yoluxma hallarının əsas səbəbi kimi vətəndaşların kütləvi olaraq bir yerə toplanmasını düşünürük. Artıma səbəb kimi hələ havaların soyumasını göstərə bilmirik. Çünki havalar hələ yaxşı keçir. Bu da onu göstərir ki, havalar soyuyandan sonra daha çox artım qeydə alına bilər. Çünki bu, virus infeksiyasıdır. Kəskin respirator virus infeksiyaları soyuq havalarda artıma meyillidirlər. Ona görə biz daha da diqqətli olmalıyıq. Hər kəs özünü qorumalı, maskadan istifadə etməli, əl gigiyenasına riayət etməlidir. Qapalı məkanlarda bir yerə toplaşmamalıyıq, fiziki məsafəni saxlamalıyıq”.