Vyana şəhərinin mərkəzində yerləşən Şvedenplats meydanında polislə naməlum şəxslər arasında atışma olub.
Elitinfo.az xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə nəfərdən ibarət qrup və polis arasında atışmada hücumçulardan biri məhv edilib.
Meydanın yaxınlığında yəhudi icmasının Vyanadakı əsas sinaqoqu Şəhər Məbədi yerləşdiyinə görə, ilkin xəbərlərdə hücumun əsas hədəfinin sinaqoq olduğu barədə məlumatlar yayılıb. Yəhudi Dini İcmasının Prezidenti Oskar Doyç isə Avstriya Teleradiosuna (ORF) müsahibəsində bildirib ki, onlardakı məlumata əsasən, hücumçular sinaqoqu hədəfə almayıblar. Eyni zamanda, sinaqoqun daim mühafizə edildiyini və həmin saatda məbəddə heç kimin olmadığını qeyd edən O.Doyç hücumun sinaqoqla əlaqəli olduğunu təsdiqləməyib.
Vyana polisinin ilkin məlumatına görə, silahlı dəstənin digər üzvləri ərazidən qaçmağa çalışıblar və hazırda şəhərin mərkəzi ərazilərində cinayətkarların təqibi davam edir.
Baş vermiş hadisənin terror aktı olması araşdırılır.