Ucar rayonunda uzunluğu 21,4 kilometr olan və 7 mindən çox əhalinin istifadə etdiyi avtomobil yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildirilib ki, bu yollar rayonun Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan marşrutunda 3 yaşayış məntəqəsi üzrə Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin yollarıdır. Layihəyə uyğun olaraq, mövcud yol örtüyü və zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Daha sonra normativ qalınlıqda yol əsasının tikintisi işləri görülüb. Sözügedən işlər 220 min kvadratmetr sahəni əhatə edib. Yolboyu müxtəlif diametrli boruların quraşdırılması və izolyasiyası işləri də həyata keçirilib.

Tikinti norma və standartlarına əsasən, yolun 130 min kvadratmetr sahəsinə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Həmçinin yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır.

Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları 3 yaşayış məntəqəsinin 7 mindən çox əhalisinin, eləcə də bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişini asanlaşdıracaq.