Malayziyanın BERNAMA dövlət agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr 20-də xalqa müraciətinə dair geniş məqalə yayıb.

Elitinfo.az xəbər verir ki, “Biz 30 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini gözləmişik” sərlövhəli məqalədə Azərbaycan Prezidentinə istinadən bildirilib : “Ölkəmiz diplomatik səviyyədə, o cümlədən BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarla səmərəli iş apararaq, münaqişənin həlli ilə bağlı sənədlərin qəbul edilməsinə, bu istiqamətdə hüquqi bazanın genişləndirilməsinə nail olub”.

Həmçinin qeyd edilib ki, təqribən 30 ildir davam edən danışıqlara baxmayaraq, hər hansı nəticə əldə olunmayıb, üstəlik, bu müddət ərzində işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar Azərbaycan və beynəlxalq vasitəçilərin bu ölkənin rəhbərliyi tərəfindən aldadıldığına əyani sübutdur. Bununla bağlı Azərbaycan Prezidentinin aşağıdakı fikirləri sitat gətirilib: “İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar”.

Bununla yanaşı, məqalədə Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonlarında apardığı qeyri-qanuni məskunlaşmaya da diqqət yönəldilib. Qondarma rejimin dünya ölkələri tərəfindən tanınması üçün Ermənistanın cəhdlərini hələ də davam etdiridiyi, lakin bunun baş heç zaman verməyəcəyi vurğulanıb. Bildirilib ki, bunu edən istənilən ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz və Azərbaycan belə ölkələrlə bütün əlaqələri kəsəcək.

Dövlətimizin başçısının müraciətindən götürülmüş aşağıdakı sitat da vacib məqam kimi malayziyalı oxucuların diqqətinə çatdırılıb: “Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, – bizim belə planlarımız yoxdur, – baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq”.

Məqalənin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilib, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanındığı qeyd olunub.