Bizim məqsədimiz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.

Elitinfo.az xəbər verir ki, bunu oktyabrın 19-da ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, münaqişə artıq öz həllini tapmalıdır. Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq.

Hikmət Hacıyev deyib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular gətirərək Azərbaycana qarşı istifadə edir. Eyni zamanda, Ermənistan öz diasporunun köməyi ilə “qara bazar”dan silahlar alaraq mülki təyyarələr vasitəsilə Ermənistana daşıyır və həmin silahlardan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir. Ermənistana mülki təyyarələr vasitəsilə silahların daşınması beynəlxalq qanunların, o cümlədən beynəlxalq mülki aviasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın pozucu hərəkətlərinin qarşısını almalıdır.