Erməni hərbçilərinin yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində yaşayış evləri, inzibati binalar, elektrik və qaz təsərrüfatı ilə yanaşı sosial obyektlərə, o cümlədən məktəblərə və uşaq bağçalarına da ziyan dəyir. Ermənistan törətdiyi müharibə cinayətləri ilə mülki insanlara, o cümlədən uşaqlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

Elitinfo.az-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Tərtər rayonunun müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində Qapanlı kənd tam orta məktəbinə də ciddi ziyan dəyib. Məktəbin üstünə top mərmisinin atılması nəticəsində təhsil müəssisəsi dağılıb.
Qeyd edək ki, düşmənin ağır artilleriyadan atəşi nəticəsində sentyabrın 27-dən indiyədək Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində, ümumilikdə, 13 orta məktəb, 1 musiqi məktəb, 1 peşə ixtisas məktəbi, 3 uşaq bağçasına ziyan dəyib.