Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yaradılacaq 20 dönərxana nümunəvi dönərxana kimi təqdim edilməlidir.

Elitinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, dönərxana yaratmaq istəyənlər həmin obyektləri əyani şəkildə görməlidirlər: “Mətbuat nümayəndələri də həmin dönərxanalara dəvət ediləcək. Təkcə bu layihə çərçivəsində deyil, ümumiyyətlə, bütün iaşə müəssisələrində, hətta satış məntəqələrində qəbul edilən bütün heyvan mənşəli məhsullar baytarlıq müayinəsindən keçməlidir. Heyvan mənşəli məhsullar xüsusi risk qrupuna daxildirlər. Ona görə də həmin məhsullara yanaşma da eynidir. Fərqi yoxdur, bu ət dönərxanada, ya başqa müəssisədədir”.