Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Elitinfo.az-a verilən məlumata görə, sentyabrın 15-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə nazirliyin bir qrup hərbi qulluqçusu və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoralın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Abidələr qarşısına Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığı və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğu qeyd edilib, ölkələrimiz arasında əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğu və bu əlaqələrin daim inkişaf etdiyi vurğulanıb.