Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə oktyabrın 17-də anti-dopinq seminarı keçiriləcək.
AAAF-dan AZƏRTAC bildiriblər ki, tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edəcəklər.

Seminarda idman ruhu, pozuntu növləri və sanksiyalar, hər zaman qadağan edilmiş maddələr və üsullar barədə məlumat veriləcək, “Nəyi mütləq bilməlisiniz” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə mühazirəçi qismində Fərid Əliyev (Terapevtik İstifadə üçün İstisna (TUE) Komitəsinin sədr müavini) və Lalə Hacıyeva (Təhsil və təlim üzrə menecer) iştirak edəcəklər.