Elitinfo.az

COVID-19 pandemiyası ölkələr arasında sərhədlərin bağlanmasına, canlı ünsiyyətin dayandırılmasına səbəb olduğu dövrdə müasir texnologiyalar vasitəsilə əlaqələrin qurulması ön plana keçib. Bu baxımdan Azərbaycan yeni təşəbbüslərin müəllifi kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən iki mühüm beynəlxalq tədbir – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri dünyanın aparıcı şirkətlərindən olan CISCO-nun müasir avadanlıqlarından istifadə edilməklə videokonfrans formatında təşkil olunmuşdur. Növbəti belə videokonfrans isə mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilib. Bu tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilib.

Bu fikirləri mətbuata iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Vüqar Bayramov deyib ki, Azərbaycanda reallaşdırılan islahatlar, o cümlədən pandemiya dövründə koronavirusun təsirlərinin minimuma endirilməsi ilə bağlı keçirilən tədbirlər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Nəzərə alsaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə reallaşan islahatlar bir tərəfdən regiondakı mövqeyimizin daha da möhkəmlənməsinə gətirib çıxarıb, digər tərəfdən bu, ölkəmizin aparıcı dövlətlərlə münasibətinə təkan verib. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın dövlətimizin başçısına göndərdiyi məktubda qeyd olunduğu kimi, Azərbaycan bütövlükdə enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.

Sözügedən məktubda Azərbaycanda həyata keçirilən, xüsusən son 30 ildə reallaşan iqtisadi və siyasi islahatlar da yüksək qiymətləndirilib. Bu, ondan xəbər verir ki, Azərbaycan aparıcı ölkələrin regionda əsas tərəfdaşlarından biridir. Regional tərəfdaş olaraq Azərbaycan bölgədə inkişafa və təhlükəsizliyə töhfə verir. Sözsüz ki, dünyanın aparıcı dövlətinin Prezidenti tərəfindən bunların qeyd edilməsi və iki ölkə arasında əməkdaşlığın yüksək qiymətləndirilməsi təqdirəlayiqdir. Bu, ondan xəbər verir ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və liderliyi sayəsində reallaşan islahatlar ölkəmizin regionda mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Pandemiya dövründə ölkəmizdə koronavirusun həm vətəndaşlarımızın sağlamlığına, o cümlədən iqtisadiyyata, sahibkarlara, eləcə də işləməyən əhaliyə təsirlərinin minimuma endirilməsi ilə bağlı tətbiq edilən sosial-iqtisadi paketlər də dövlətimizin başçısının siyasi iradəsi və rəhbərliyi sayəsində reallaşıb. Bu, 4,7 milyondan çox vətəndaşımızın həmin paketdən faydalanmasına imkan verib.

CISCO şirkətinin rəhbərləri ilə görüşdə də qeyd olunduğu kimi, Azərbaycanın həyata keçirdiyi tədbirlər ölkəmizin texnologiyaya açıq olmasından xəbər verir. Bu baxımdan CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerin sözlərini xatırlatmaq yerinə düşər. Xanım Kramer deyib: “CISCO heyəti və Azərbaycan arasında keçirilən bu görüş çox səmərəlidir. Cənab Prezident, Sizin kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır. Şadam ki, CISCO bu sahədə Sizinlə əməkdaşlıq edir və hesab edirəm ki, qeyd etdiyimiz məsələlərin icrasını sürətləndirə bilərik. Bu əməkdaşlığın davamlı olmasını arzulayıram. Siz təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdənsiniz və bu işdə öndə getdiyinizə görə Sizə təşəkkür edirəm”.

Bu fikirlər Azərbaycanın regional mövqeyinin yüksək olduğunu bir daha təsdiq edir. Eyni zamanda, bu, ondan xəbər verir ki, Azərbaycan postpandemiya dövründə xarici investisiyanın cəlb edilməsi yolu ilə həm innovativ, həm də qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılmasını həyata keçirəcək. Artıq iqtisadi paket postpandemiya dövründə sahibkarlar üçün vergi güzəştləri, güzəştli kredit də daxil olmaqla kifayət qədər böyük təşviq imkanları təklif edilir. Postpandemiya dövründə Azərbaycanda sahibkarlara dəstəyin daha da gücləndirilməsini, bütövlükdə yeni iqtisadi modelin tətbiqini müşahidə edəcəyik. Postpandemiya dövründə yeni iqtisadi model dövlətimizin başçısının rəhbərliyi və siyasi iradəsi sayəsində reallaşacaq. Bu isə o deməkdir ki, Azərbaycan postpandemiya dövründə iqtisadi fəallığı daha qısa zamanda bərpa etmək və pandemiyanın təsirlərini qısa zaman ərzində minimuma endirmək, bütövlükdə region üçün yeni iqtisadi model təqdim etmək imkanlarına malik olacaq.