Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda və bəzi regionlarda elektrik enerji təsərrüfatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Hava şəraiti ilə olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

“Azərişıq” ASC-dən Elitinfo.az -a bildirilib ki, 2-ci Zabrat qəsəbəsində Maştağa yoluna çıxan xəttin üzərinə ağac aşaraq 0,4 kV-luq ÖİN kabel xətlərini zədələyib. Ən çox ziyan Şimal RETSİ-nin ərazisində qeydə alınıb. Külək Quba, Qusar və Xaçmaz rayonlarında elektrik xətlərinə ciddi ziyan vurub. Bir neçə ərazidə ağaclar elektrik xətlərinin üzərinə aşıb. Quba şəhərində külək 5 mərtəbəli binanın damını elektrik xəttinin üzərinə aşırıb. Qəza baş verən ərazilərə əlavə material göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

Abonentlərdən xahiş edilir ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.