Mayın 18-dən etibarən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Bu barədə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Onun sözlərinə görə, onlayn növbə tutmaq üçün “ASAN xidmət” mobil tətbiqi “IOS” və “Android” əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda, www.asan.gov.az saytındakı “Onlayn növbə” funksional bölməsi vasitəsilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

Agentliyin şöbə müdiri bir daha hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb.