Xəbər verildiyi kimi, Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə həsr olunmuş konfrans keçirilib. Konfransda deputatlar Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Milli Məclis Aparatının bir qrup əməkdaşı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, həmçinin ölkəmizdə fəaliyyət göstərən əksər gənclər və könüllülər təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi barədə 2019-cu il 30 dekabr tarixli Sərəncamının mühüm əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bu sənəd ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin bariz nümunələrindəndir, dövlətimizin başçısının imzaladığı bu qərar gənclərin öz potensiallarına inamlarının artmasına mühüm töhfə verib.

Parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildiriblər ki, “Könüllülər ili” ilə əlaqədar gənclər və könüllülər təşkilatlarının iştirakı ilə keçirilən konfransın yekununda birgə bəyannamə imzalanıb. Bəyannamədə deyilir:

– Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır;

– Könüllülük fəaliyyəti vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir;

– Könüllülər koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər;

– Könüllülər koronavirus pandemiyası ilə mübarizənin ön xəttindədirlər;

2020-ci ilin 9 may tarixində “Könüllülər ili” və gənclər təşkilatlarının fəaliyyəti ilə əlaqədar təşkil olunmuş konfransda aparılan müzakirələrin nəticəsində könüllülük fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün qanunvericilik təklifləri, həmçinin gənclərin şəxsi bilik və bacarıqlarının artırılması ilə bağlı təkliflər hazırlanacaq, bu sahədə keçiriləcək bütün tədbirlərə hərtərəfli dəstəyin verilməsi təmin ediləcək.

Bəyannaməni aşağıdakı qurumlar imzalayıblar: Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, ASAN Könüllüləri, Avropa Gənclər Parlamenti, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Miqrasiya Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyi, “Bir könüllü” tələbələrin əməkdaşlığı ictimai birliyi, Böyük İpək Yolu Gənclər Təşkilatı, ELSA Azərbaycan.