Beynəlxalq Muzeylər Günündə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etmək istəyən insanların marağını təmin etmək məqsədilə muzeydə “virtual açıq qapı” təşkil olunacaq.

AMEA-dan Elitinfo.az-a bildirilib ki, muzeyin bələdçiləri tərəfindən virtual ziyarətçilərə muzeyin zalları, qiymətli eksponatları – əlyazmalar, arxeologiya nümunələri, miniatürlər, xalçalar, memarlıq abidələrinin maketləri, eləcə də ölkəmizin görkəmli ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə məlumat veriləcək. Virtual tur Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində təqdim olunacaq.

Xatırladaq ki, hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunan bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.

Ölkəmizdə fəaliyyət göstərən muzeylər koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlar və tədbirlərlə qeyd edəcək.