“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə incəsənət-xeyriyyə layihəsi həyata keçirib.

İdarədən Elitinfo.az-a bildirilib ki, layihə çərçivəsində qurum tərəfindən Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edilmişdi.

Əsərlər idarənin səhifəsində təşkil olunan xüsusi qapalı auksionda onlayn satışa çıxarılmışdı. Auksion aprelin 30-da başa çatıb və əsərlərin hər biri satılıb.

Auksiondan əldə olunan vəsait “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən tam olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.