Martın 24-dən mayın 3-dək 142 Çağrı Mərkəzinə 201 min 620 zəng daxil olub. Onlardan 196 min 950-si, yəni 97.7 faizi cavablandırılıb. Cavablandırılmamış zənglər isə 2.3 faiz təşkil edib. Cavablandırılmış zənglərin 78.6 faizi məşğulluq istiqamətini əhatə edib. Ümumilikdə isə bu il yanvarın 1-dən mayın 3-dək 142 Çağrı Mərkəzinə 307 min 117 zəng daxil olub ki, onun da 300 min 389-u, yəni 97.8 faizi cavablandırılıb.

Elitinfo.az xəbər verir ki, bu məlumatlar yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər üzrə statistik icmalda öz əksini tapıb.

Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı olan vətəndaşlara sosial xidmətin göstərilməsi ilə bağlı qərarından irəli gələn ümumi müraciətlərin sayı 4622 olub. Bu da ümumi cavablandırılmış zənglərin 2,3 faizini təşkil edib.

Bununla yanaşı, martın 24-dən mayın 3-dək 142 Çağrı Mərkəzinin onlayn çatına gələn 5980 müraciətə cavab verilib.