Bazar ertəsi Amerika Birləşmiş Ştatlarında (ABŞ) strateji nüvə qüvvələrinin illik «Global Thunder-2019» təlimləri başlayıb. Tədbirdə əsas diqqət «nüvə qarşıdurması»na yönəldiləcək. Bu barədə jurnalistlərə ABŞ silahlı qüvvələri strateji komandanlığının başçısı general Con Hayten xəbər verib.

Onun sözlərinə görə, «nüvə triadası nüvə qarşıdurmasının əsasını təşkil edir, ABŞ ordusu isə buna hazır olmalıdır ki, lazımi anda dünyanın ixtiyari nöqtəsində əmrləri yerinə yetirə bilsin».

Təlimlərdə ABŞ hərbi qulluqçularından başqa, Avstraliya, Böyük Britaniya, Danimarka, Kanada və Koreya Respublikasının hərbçiləri də hərəkətə gətiriləcək.

«Qarşıdurma 21-ci əsrdə qlobal yanaşma olmalıdır və bu məsələdə bizim müttəfiqlərimiz, həmkarlarımız da hərəkətə keçməlidirlər» – deyə, Hayten təlimlərin çoxmilli olduğunu qeyd edib.

Təlimlərin gedişində qlobal zərbə vasitələrinin və raket əleyhinə müdafiə sistemlərinin fəaliyyəti məşq ediləcək.