Amansız bəşəri təhlükəyə çevrilmiş koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərini məcburi köçkünlər də dəstəkləyir və xalqımızın sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər. Biz dövlətimizin rəhbərlərinin tövsiyəsi ilə öz mənzillərimizdə qalmaqla sosial təcrid və karantin rejimi qaydalarına əməl edirik.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Elitinfo.az-a bildirilib ki, bu sözləri Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində salınmış yeni yaşayış kompleksində Komitənin təşəbbüsü ilə Azərbaycan Televiziyasının təşkil etdiyi “Eyvana çıx” konsert proqramının tamaşaçısı, Kəlbəcər rayonundan məcburi köçkün, müəllim Bəxtiyar Zamanov deyib.

Aprelin 29-da günorta vaxtı qəsəbədəki binalardan birinin eyvanından ətrafa xoş musiqi sədaları yayılıb. Karantin rejimi dövründə həftədə üç dəfə canlı yayımlanan və geniş tamaşaçı rəğbəti qazanmış “Eyvana çıx” layihəsinin budəfəki iştirakçıları xalq mahnıları və muğamlarımızn mahir ifaçısı, Əməkdar artist, Ağdam rayonundan məcburi köçkün Təyyar Bayramov və oğlu Kənan olublar. Onları tarda Elnur İbrahimov, kamançada Niyaməddin Allahverdiyev müşayiət ediblər.

Konsert Kənanın ifasında “Bayatı Şiraz” muğamından bir parça ilə başlayıb. Sonra Təyyar Bayramov bir neçə xalq mahnısı ifa edib. Kənan “Qarabağ” mahnısı ilə tamaşaçıları xəyalən doğma torpaqlara aparıb. Konsertdə kompleksdə məskunlaşmış bir gəncin də ifası dinlənilib.

Bir saatdan çox davam edən konsert onu öz eyvanlarından izləyən məcburi köçkünlərdə sevinc hissi, xoş təəssürat yaradıb. Onlar xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.

Dövlət Komitəsi ölkədə tətbiq olunan xüsusi karantin rejimində geniş populyarlıq qazanmış “Eyvana çıx” konsert proqramının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində təşkil etdiyinə görə Azərbaycan Televiziyasına minnətdarlığını bildirib.

Xatırladaq ki, Kürdəxanıda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ötən ilin aprelində istifadəyə verilib. Buradakı 15 doqquzmərtəbəli binada 810 məcburi köçkün ailəsi yerləşdirilib. Kompleksdə məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri – klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb.

© Materiallardan istifadə edər