“Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi verilməsi üçün ciddi dövlət proqramı var. Mərkəzi Bank hökumətin proqramlarına əsasən banklara imkan verir ki, onlar sentyabrın 30-dək kreditləri restrukturizasiyası etsinlər: “Sadə dillə desək, banklara kreditlərin ödənilməsi vaxtını uzatmaqla bağlı tövsiyələr verilib”.

Elitinfo.az  xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov bildirib ki,  bu kreditlər Mərkəzi Bank tərəfindən “pis kreditlər” kimi nəzərə alınmır:  “Bununla bankların da vəziyyəti pisləşməyəcək. Əsas məsələlərdən biri odur ki, əhaliyə heç bir cərimə, dəbbə pulları hesablanmır. Bildiyimiz kimi, hər bir vətəndaşımızın və hüquqi şəxsin kredit tarixçəsi olur. Həmin şəxs növbəti dəfə kredit alanda, kredit tarixçəsi olduqca mühümdür. Banklar müraciət edən şəxsin tarixçəsinə baxır ki, həmin adamın kredit tarixçəsi müsbətdir, ya yox. Biz banklara tövsiyə etmişik ki, kredit ödənişinin vaxtı uzadılan şəxslərin kredit tarixçəsi pisləşməsin. Çünki onlar özlərindən asılı olmayan səbəblərdən kredit ödənişi vaxtını uzadırlar”.

E.Rüstəmov qeyd edib ki, Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalar fonunda ölkədəki makroiqtisadi vəziyyətə tam nəzarət edir, bütün mümkün ssenariləri proqnozlaşdırır, atılacaq addımları planlaşdırır.