Almaniya vətəndaşına qarşı dələduzluq edən şəxsin məhkəməsi davam etdirilib. Elitinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə növbəti məhkəmə iclası hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutub. Məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Yusifova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa çıxıb.
İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. Məlumata görə, Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.
O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, onu biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb. Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.
Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon köçürüb. Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.
Yusifov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.