Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Bu barədə  AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qeyd edilib ki, Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə 82 işçi qrupun rəhbərləri seçilib. Bununla yanaşı, beynəlxalq parlament qurumlarında, təşkilatlarda fəaliyyət göstərəcək Azərbaycanı nümayəndə heyətlərinin formalaşması prosesləri gedir. Heyətlərin siyahısı yaxın günlərdə açıqlanacaq.

AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra aprelin 30-na təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi isə artıq məlumdur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov (nümayəndə heyətinin rəhbəri), Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa və Asim Mollazadə daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.