“Bu gün qardaş Türkiyədə böyük Atatürkün rəhbərliyi və türk xalqının qəhrəmanlığı ilə qurulmuş Böyük Millət Məclisinin 100 illiyi və Ulusal Güvənlik və Cocuq Bayramı günüdür. 100 il öncə Osmanlı dövlətini çökdürən dünya imperialist güclərin yeddi istiqamətdən Türkiyəyə hücum etməsinə baxmayaraq, türk xalqı misli görünməmiş şücaət göstərərək, Türkiyə Böyük Millət Məclisini qurdular”.

 

Elitinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı Türkiyənin milli bayramı ilə bağlı fikirlərini bölüşərkən deyib.

 

“Bu gün Türkiyə tarixində Şərəf tarixi kimi qeyd edirlər. Dünya kürəsəl düşmən koronavirusla mücadilə etsə də, türk xalqı bu əziz və əzəmətli tarixi bayramı yenə də tam başqa formatda böyük təntənə və coşqu ilə keçirir. Bu gün axşam saat 22:00-da 82 milyonluq Türk xalqı başda Prezident Rəcəb Təyyub Ərdoğan olmaqla bütün evlərin balkonları bayraqlarla bəzənəcək və eyni zamanda balkonda Dövlət Himni – İstiqlal Marşı oxuyacaqlar.
Allaha şükürlər olsun ki, Azərbaycan 100 il bundan öncə də bir yerdə idi, bu gün də bir yerdə. Bir Millət İki Dövlət kimi TBMM-nin bayramı bizim də bayramdır. Bayramımız mübarək olsun. Bayraqlarımız əbədi dalğalansın. Dövlətimiz əbədiyyən yaşasın. Allah hər iki dövlətimizin – Azərbaycan və Türkiyənin müstəqilliyi və torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə, Ulu öndər Atatürkə və Ulu öndər Heydər Əliyevə rəhmət etsin. Amin. Biz Onlara borcluyuq”, – deyə M.İbrahimqızı bildirib.