Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi ilə əlaqədar paytaxtın müxtəlif yollarında qurulan polis postlarında gecə və gündüz yoxlamalar davam etdirilir.

Elitinfo.az xəbər verir ki, yol polisi ilə yanaşı, Post Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları sürücü və sərnişinləri saxlayaraq sənədlərini yoxlayırlar. Ancaq dəfələrlə xəbərdarlıq edilməsinə və cərimələr yazılmasına baxmayaraq, hələ də xüsusi karantin rejimini pozan sürücü və sərnişinlərə rast gəlinir. Onlar barəsində isə inzibati qaydada cərimə tətbiq edilir.

Digər ərazilərdə olduğu kimi, paytaxtın Xətai və Səbail rayonlarının müxtəlif yerlərində də postlar qurulub. Həmin postlarda avtomobillər saxlanaraq sürücü və sərnişinlərin onlayn qaydada icazə alıb-almamaları, eləcə də digər sənədləri yoxlanılır.

Bundan başqa, postlardan keçən və içərisində sərnişinlər olan marşrut avtobusları da saxlanaraq sərnişinlərin sənədləri yoxlanılır. Sərnişinlərin sırasında da xüsusi karantin rejim qaydalarını pozanlara rast gəlmək olur. Müvafiq icazə olmadan şəhərə çıxan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Polis əməkdaşları koronavirusun geniş yayılmasının qarşısının alınması ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmalarını tələb edirlər.

Qeyd edək ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim müddəti martın 31-dən aprelin 20-dək gücləndirilib. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir.

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir.

Qeyd edək ki, tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 14-ü saat 00:00-dan aprelin 15-i saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1249 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə isə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 19 min 936 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.