Elitinfo.az\  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer koronavirus pandemiyasının nə vaxt başa çatacağı ilə bağlı açıqlama verib.

Türkiyənin NTV telekanalının müxbirinin “dünya virusdan nə vaxt xilas olacaq” sualına cavabında ÜST sözçüsü deyib: “Bu, tamamilə virusa qarşı vaksin və dərman preparatı ilə bağlı fəaliyyətdən asılıdır. Bu, hər ikisinin yaxın dövrdə tapılmasına bağlıdır. Dolayısı ilə bu mövzuda, bu şəraitdə heç bir proqnozumuz yoxdur. Təəssüf ki, bu məsələ ilə bağlı bir təxminim də yoxdur”.

ÜST rəsmisi müxbirin “Bir il, iki il” sualına cavab olaraq deyib: “Bunu demək çox çətindir. Vaksin 12-18 aya ancaq hazır ola bilər. Bunun kütləvi istehsalı daha uzun prosesdir. Ancaq bu mübarizədə vaksin əldə etməyimiz çox əhəmiyyətlidir. Bu iş nə zaman bitəcək deyəndə nəyi nəzərdə tutursunuz? COVID-19-un tamamilə məhv olmasını, yoxsa virusa qarşı mübarizə metodunu öyrənib inkişaf etdirməyimizi?”

“Əlbəttə. Yenidən işə getmək, işləmək, məktəblərin yenidən açılması, bütün işlərin normal hala dönməsini istəyirik. Bu sualın cavabı çox çətindir. Hamımız bu sualın cavabını verə bilmək istəyirik. Hətta evində oturub, sualları cavablandıran mən də…”, – Kristian Lindmayer vurğulayıb.