Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər. Elitinfo.az Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlətimizin başçısına və birinci xanıma məlumat çatdırılıb.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Mərkəzində görülən işlərlə tanışlıq zamanı məlumat verilib ki, burada Ümummilli Liderin yeni abidəsi ucaldılıb. Ulu Öndərə şəkililərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb. Şəkidəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili müvafiq şərait yaradılıb. Mərkəzdə kompüterlər və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan xarici dillərin tədrisi otağı, 20 və 60 yerlik iclas zalları, rəsm və foto studiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.
Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.
Dövlətimizin başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verilib.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin açılışında da iştirak ediblər. Dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.
Qeyd olunub ki, Bayraq Muzeyinin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki səfəri çərçivəsində 29-da Şəki-Kiş avtomobil yolunun açılışında da iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirib ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.
Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
“ASAN xidmət”in tabeliyində olan “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində “ABAD”çı ailələrinə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək verilib. Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açıb.
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verdilər ki, “ABAD” publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.
Qədim köklərə malik xalqların böyük tarixinin sübutu onun keramikası ilə də müəyyən edilir. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb.
Mərkəzlə tanışlıq zamanı bildirildi ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir. Qoruğun UNESCO-nun mədəni irs siyahısına salınması yönündə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. “Xan sarayı” I, IV, V meyarlarla irs siyahısına salınıb. Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası da qoruğun UNESCO-nun müvafiq siyahısına salınacaq ərazisində, Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. İkimərtəbəli binada işçilər və təlimlərə qoşulacaq şəxslər üçün istirahət otaqları da var. Burada, həmçinin termik soba və təlim otaqları, xammal və hazır məhsul anbarları, etno-butik, ofis və xalçaçılıq otağı yerləşir.
Bir sözlə, mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb.
Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşəcək. Gələcəkdə Mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunacaq. Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur. Bütün bunlardan məqsəd yeni sənətkarların yetişdirilməsidir.
Bildirildi ki, Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində sənətkarların istehsal etdikləri məhsulların satışı da təşkil olunacaq. Ümumilikdə burada 40-dək vətəndaş daimi işlə təmin ediləcək.