Klubdan bildirilib ki, əsas məqsədi Gürcüstanla Azərbaycan arasında ikitərəfli işgüzar əlaqələrin inkişafı olan biznes forumda Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin birinci müavini Yekaterina Mikabadze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, “SOCAR Energy Georgia”nın baş direktoru, “Pasha Bank Georgia”nın direktorlar şurasının üzvü Asaf Hüseynov, “AZEBI”nin sədri Nəriman Qurbanov, “Caspian European Club”/”Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev və digərləri çıxış ediblər.

Forumda Telman Əliyev “Caspian European Club”un fəaliyyəti və beynəlxalq biznes-netvorkinqi üçün daimi platformanın yaradılmasına kömək edən tədbirlərin formatı barədə danışıb

“Gürcüstanla Azərbaycan arasındakı münasibətlər digər ölkələrə nümunə ola bilər. Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən regional səviyyədə birgə layihələrin həyata keçirilməsi daha fəal işgüzar əməkdaşlıq üçün stimul olmalıdır”, – deyə T.Əliyev əlavə edib.

“Biz “Caspian European Club”un fəaliyyətini aktivləşdirməyi planlaşdırırıq və artıq aprelin 3-də inşaat sektoruna həsr olunmuş B2B forumu keçirəcəyik. Həmçinin turizm obyektləri üçün aparıcı sənaye müəssisələrinə və turizm üçün cəlbedici olan obyektlərə baş çəkməklə Gürcüstan regionlarında biznes-turlar keçirməyi nəzərdə tuturuq. Bütün biznes-turlar çərçivəsində eyni zamanda həmin regionların rəhbərlərinin iştirakı ilə B2B forum və “CEO Lunch” təşkil olunacaq”, – deyə Telman Əliyev çıxışına yekun vurub.

“EU-Georgia Business Council” Gürcüstan və Azərbaycan tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində yuxarıda qeyd olunan forumu hər il keçiməyi planlaşdırır. Tədbirin 2021-ci ildə Bakıda təşkili nəzərdə tutulub.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Çexiya Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.